Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, doktor Mustafa Xoşçeşm Qum şəhərində, mübarək Ramazan ayı münasibətilə təbliğat qruplarının rəhbərləri və İslam döyüşçüləri heyətinin əməkdaşlığı ilə mərhum Əllamə Təbatəbainin (r) evində keçirilən ixtisaslaşmış iclasda çıxış edərək, İran İslam Respublikasına qarşı düşmənlərin uğursuzluğa düçar olmuş strateji planına dair genişmiqyaslı təhlil təqdim edib. O, sionist rejim rəsmilərinin açıq bəyanatlarına və sənədlərə, o cümlədən bu rejimin baş nazirinin İran barədə qırx il davam edən davamlı düşüncələrə dair sözlərinə istinad edərək, düşmənin bölgədə uzunmüddətli birgə hərbi təlimlər keçirməklə İranın təhlükəsizliyi və qüdrətinə zərbə vurmaq məqsədilə hazırladığı mürəkkəb altımərhələli planın təfərrüatlarını açıqlayıb.
Beynəlxalq məsələlər üzrə ekspert son dövrlərdə həyata keçirilmiş “Sadiq vəd” əməliyyatına və onun nəticələrinə toxunaraq bildirib ki, bu planın birinci mərhələsi nüvə sahəsində iflic vəziyyət yaratmağa yönəlmişdi və üç əsas istiqaməti əhatə edirdi: Zənginləşdirmə infrastrukturlarının dağıdılması, nüvə materiallarının məhv edilməsi və nəhayət milli iradə və qətiyyətin sındırılması. Lakin hər üç istiqamətdə düşmən ciddi müqavimətlə və tam uğursuzluqla üzləşib, əksinə, İran xalqının sülhməramlı nüvə nailiyyətlərini qorumaq və inkişaf etdirmək iradəsi daha da güclənib.
O, ikinci mərhələ barədə danışaraq qeyd edib ki, bu mərhələ hərbi potensialın zəiflədilməsinə yönəlmişdi və ilk günlərdə qəfil zərbə vurmaqla ölkənin qərarvermə sistemində xaos yaratmaq, hər hansı cavab imkanının qarşısını almaq məqsədilə raket ehtiyatlarını məhv etmək, həmçinin İranın raket və pilotsuz uçuş aparatları sahəsində sürətlə artan imkanlarının inkişafını dayandırmaq və ya ləngitmək kimi üç əsas hədəfi izləyirdi. Bu mərhələdə də İran İslam Respublikasının silahlı qüvvələrinin çəkindirici gücü və zərbə qabiliyyəti düşmənin planlarını tamamilə iflasa uğradaraq onu qəti məğlubiyyətə düçar edib.
Beynəlxalq məsələlər üzrə ekspert üçüncü mərhələni ölkə daxilində genişmiqyaslı iğtişaşların yaradılmasını sonrakı bütün mərhələlərin əsas açarı və mərkəzi oxu adlandıraraq vurğulayıb ki, düşmənin əsas məqsədi daxili təhlükəsizliyi pozmaq və növbəti mərhələlərin icrasını asanlaşdırmaq üçün xaos mühiti formalaşdırmaq olub.
O əlavə edib ki, dördüncü mərhələ sonrakı mərhələlərin uğuru üçün xaricdən terrorçu qrupların ölkəyə daxil edilməsi və daxildəki “yatan hüceyrələrin” aktivləşdirilməsini nəzərdə tuturdu.
Bu ekspert beşinci mərhələ kimi sərhəd vilayətlərində qarşıdurma xətlərinin möhkəmləndirilməsini və bununla ölkənin ərazi bütövlüyünün təhdid edilməsini göstərərək bildirib ki, düşmən altıncı və son mərhələdə Suriyada tətbiq edilən ssenariyə bənzər şəkildə ölkənin həyati infrastrukturlarının nizamlı şəkildə məhvini planlaşdırmışdı və bütün bu mərhələlərin icrasını daxili iğtişaşların yaradılmasının uğuruna bağlamışdı.
Doktor Xoşçeşm, məhz bu iğtişaşlar fonunda Tehranda hakimiyyətə məxsus olan xüsusi dövlət binalarının işğalı üçün aparılmış dəqiq planlaşdırmaya və hətta həyata keçirilmiş məşqlərə işarə edərək, bu genişmiqyaslı planın əsas uğursuzluq səbəbini İran xalqının müqaviməti, uzaqgörənliyi və düşmənin nəzərdə tutduğu iğtişaşları yarada bilməməsi ilə əlaqələndirdi.
O, “Sadiq vəd” əməliyyatından sonrakı hadisələri təhlil edərkən, etiraz anlayışı ilə təşkilatlanmış iğtişaş arasında əsaslı fərqə xüsusi diqqət çəkərək bildirib: Düşmən bütün yay mövsümünü hibrid müharibəyə və bu fərqdən sui-istifadə edərək öz məqsədlərini irəli aparmağa sərf edib.
Bu universitet müəllimi, sionist rejimin əməliyyatdan sonrakı gündən etibarən atəşkəs üçün təkrar və təcili müraciətlərinə toxunaraq, bu tələblərin səbəbi kimi onların ilk iki mərhələdə, yəni, nüvə və hərbi sahələrdə ağır strateji məğlubiyyətə uğramasını və xərclərin getdikcə artmasını göstərdi. O qeyd edib ki, düşmənin son 12 günlük müharibə çərçivəsində hazırladığı mürəkkəb plan beş-yeddi gün ərzində ilkin şok yaratmaqla yekun nəticəyə çatmalı idi, lakin bu plan nəinki həyata keçmədi, əksinə, düşmənin özü son dərəcə ağır və bərpaolunmaz zərbə ilə üzləşdi. Bu qələbə silahlı qüvvələrin çəkindirici gücünün, milli birliyin və böyük İran xalqının iğtişaş layihəsi qarşısında sarsılmaz ayıqlığının nəticəsi oldu.

Etiraz hüququ ilə iğtişaşın fərqləndirilməsi və qanunauyğun qlobal nümunə əsasında düzgün idarəetmənin zəruriliyi
O, daha sonra etirazla iğtişaş arasında əsaslı fərqə toxunaraq, İranda etiraz hüququnun tarixi kontekstini xatırladaraq vurğulayıb: Biz inqilabı məhz insanların etiraz etmək hüququna sahib olması üçün etdik. Konstitusiyanın 27-ci maddəsi bu hüququ rəsmi şəkildə tanıyır. Son qırx beş il ərzində müxtəlif qurumların qarşısında peşəkar və sosial etirazlar (məsələn, təqaüdçülərin, tibb bacılarının və digər qrupların etirazları) mütəmadi olaraq baş verib. Onların bir çoxu hətta Daxili İşlər Nazirliyinin rəsmi icazəsi olmadan keçirilsə belə, sonda tələblər araşdırılıb və nəzərdən keçirilib. Etiraz, qanuni və legitim bir hüquqdur. Lakin iğtişaş tamamilə fərqli, qanuna zidd bir anlayışdır.
Cənab Xoşçeşm bu fərqi izah etmək üçün beynəlxalq qanunlara və praktikaya istinad edərək bildirib: Dünyanın hər yerində sakit və normal etirazla iğtişaş arasında dəqiq bir sərhəd mövcuddur. İğtişaş dedikdə ictimai asayişin qəsdən pozulması nəzərdə tutulur. Məsələn, təcili yardım və yanğınsöndürmə maşınlarının yolunun bağlanması, ictimai əmlakın dağıdılması (şüşələrin sındırılması, yandırma), küçə və yolların kəsilməsi, insanların işgüzar fəaliyyətinə mane olunması və vətəndaşların normal hərəkətinin əngəllənməsi açıq-aydın iğtişaş nümunələridir. Hətta Qərb ölkələrində hökumət əleyhinə aksiyalara icazə verildiyi hallarda belə, asayişin qorunması üçün sərt qanunlar mövcuddur.
O, Qərbdə polis müdaxiləsinə dair konkret nümunələr gətirərək əlavə edib: 2021-ci ildə Skandinaviya ölkələrində İran hökumətinə qarşı etiraz aksiyası soyuq və qarlı havada keçirilirdi. Etirazçılardan biri bayrağı yandırmağa cəhd edən kimi, alov yarıya çatmamış polis dərhal müdaxilə etdi və şəxsi zorakılıq tətbiq etmədən, protokola uyğun şəkildə (könüllü şəkildə qandal taxılması tələbi ilə) saxladı. ABŞ və Böyük Britaniyada polis davranışı bundan da sərtdir. ABŞ-da “21 fut” (təxminən 7 metr) qaydası polisə, özünün və ya başqalarının həyatı üçün təhlükə hiss etdikdə ölümcül silahdan istifadə etməyə icazə verir. Buna nümunə kimi Corc Floyd hadisəsi, eləcə də Mayamidə sadəcə əlini cibinə saldığı üçün silahlı olduğu zənn edilərək polis tərəfindən vurulan etirazçı hadisəsi göstərilə bilər. Sonradan məlum oldu ki, onun üzərində heç bir silah olmayıb.
Bu təcrübəni İranla müqayisə edən ekspert qeyd edib: Bəzi ölkələrdə keçirilən aksiyaların videolarına baxdıqda görürük ki, etirazçılar hətta piyada zolağından kənara çıxmır, xüsusi nizam-intizamla hərəkət edirlər. Orada qayda pozuntusuna qarşı yumşaqlıq və ya güzəşt yoxdur. Polis dərhal və çox vaxt olduqca sərt olan qanunlara uyğun şəkildə müdaxilə edir. İranda isə bəzən bu sərhədlər lazımi şəkildə izah edilmir və ya tətbiq olunmur. Bir gün etirazçıya yumşaq yanaşılır, başqa bir gün isə sərt davranılır. Bu yanaşmadakı qeyri-sabitlik özü də çaşqınlıq yaradır və düşmənlərin sui-istifadəsinə zəmin hazırlayır.
Doktor Xoşçeşm vurğulayıb ki, çıxış yolu nə etiraz hüququnun gözardı edilməsidir, nə də iğtişaşa qarşı səhlənkarlıq. Əksinə, şəffaf və nizamlı qanunauyğunluğa ehtiyac var. Toplantı və nümayişlərlə bağlı qanunlar həm ictimaiyyətə, həm də hüquq-mühafizə orqanlarına aydın şəkildə izah edilməli, davranışlar sabit, əvvəlcədən proqnozlaşdırıla bilən və qlobal səviyyədə qəbul olunmuş modellərə (ümumi təsəvvürdən qat-qat sərt olan modellərə) uyğun olmalıdır. Yalnız bu halda həm vətəndaşların hüquqları qorunar, həm də düşmən etiraz mühitindən təxribatçı məqsədlər üçün istifadə edə bilməz. Etirazların idarə olunması idarəetmənin bir sənət və bacarığıdır. Bu isə təlim, şəffaflıq və subyektiv davranışlardan uzaq durmağı tələb edir.

Düşmən mərhələli plan əsasında etirazları silahlı üsyana çevirməyə çalışır
Doktor Xoşçeşm düşmənin legitim etirazları silahlı üsyana çevirməyə yönəlmiş mürəkkəb planını şərh edərək, iğtişaşlarla mübarizədə qlobal standartlara toxunaraq vurğulayıb: Müasir hüquq sistemlərində ictimai asayişin pozulmasının istənilən forması, o cümlədən yolların bağlanması və ya ictimai əmlakın dağıdılması şəffaf və qəti protokollara əsasən dərhal dayandırılır.
Beynəlxalq məsələlər üzrə araşdırmaçı qeyd edib ki, son hadisələrdə baş verənlər sadəcə adi bir iğtişaş deyildi. O, əlavə olaraq bildirib: Bu, etirazı əvvəlcə iğtişaşa, daha sonra isə tammiqyaslı silahlı üsyana çevirməyə hesablanmış, planlı və çoxmərhələli bir ssenari idi. Bu nümunə hətta baş vermiş digər müxalif inqilablar kimi klassik nümunələrdən də daha mürəkkəb və daha zorakı şəkildə dizayn edilib.
Cənab Xoşçeşm bu planın icrası üçün düşmənin tətbiq etdiyi ikili strategiyanı insan resursları baxımından iki səviyyədə izah edib: Birinci səviyyədə yerli, avara dəstələrin, sosial baxımdan həssas və maddi ehtiyac içində olan şəxslərin pul vədləri ilə cəlb edilməsi və onlara bıçaqla hədəf alma kimi ilkin, lakin təhlükəli təlimlərin verilməsi. İkinci səviyyədə isə daha mürəkkəb seçim prosesi, psixoloji müayinə və Ermənistan, Tailand və ya İraq kimi ölkələrdə yerləşən düşərgələrdə aparılan peşəkar hazırlıq mərhələsindən keçmiş terrorçuların və “yatmış qrupların ” səfərbər edilməsi idi.
Bu araşdırmaçı bir gənc qızın bıçaqla bir bəsic üzvünə hücum edərək bədəndəki ölümcül nahiyələri hədəf almasını konkret nümunə kimi göstərərək deyib: Bu cür dəqiq və məqsədli hərəkət açıq şəkildə ilkin təlimin olduğunu göstərir və bu əməllərin təsadüfi olmadığını sübut edir.
Doktor Xoşçeşm düşmənin strategiyasının əsas hissələrindən birini cəmiyyətdə genişmiqyaslı şok və qorxu yaratmaq məqsədi daşıyan, misli görünməmiş və hesablanmış zorakılıq aktları kimi dəyərləndirdi və Məşhəd şəhərində bir bəsicin vəhşicəsinə qətlə yetirilməsi, eləcə də günahsız bir vətəndaşın balta ilə öldürülməsi hallarını bu prosesin bariz nümunəsi olduğunu misal çəkib. O vurğulayıb ki, bu miqyasda təşkilatlanmış zorakılığı sadəcə narkotik maddə istifadəsi ilə izah etmək mümkün deyil. Bu, cəmiyyətin əsasını sarsıtmaq üçün illərlə plan və maliyyələşdirmə aparan bir qruplaşmanın mövcudluğundan xəbər verir.
Bu təhlükə ilə mübarizəni çoxşaxəli yanaşma tələb edən məsələ kimi qiymətləndirən araşdırmaçı dedi: Bir tərəfdən iğtişaşçılar və terrorçularla qarşı qəti, sürətli və tam qanunauyğun mübarizə danılmaz zərurətdir. Digər tərəfdən isə bu mürəkkəb mexanizmlərin ictimai rəy üçün ifşa edilməsi həyati əhəmiyyət daşıyır. Lakin ən vacib məqam preventiv və köklü yanaşmadır. Beləliklə sosial-iqtisadi problemlərin vaxtında həlli, sosial ədalətin təmin olunması və tənqid səslərinin qanuni kanallar vasitəsilə eşidilə biləcəyi mühitin yaradılması prioritet olmalıdır.
Düşmənin ölkəni parçalamağa yönəlmiş mürəkkəb planı və təhlükəsizlik qüvvələrinin qabaqlayıcı tədbirləri
Universitet professoru və tanınmış beynəlxalq məsələlər üzrə ekspert çıxışının digər hissəsində iğtişaşların genişmiqyaslı üsyana və terror aktlarına çevrilməsi yolu ilə ölkənin ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş düşmən planını izah edib. O, son iğtişaşlardakı təşkilatlanmış zorakılığın mahiyyətinə toxunaraq bildirib: Şəhidlərin cəsədlərinin təhqir olunması kimi İŞİD terror təşkilatına bənzər əməllər yalnız qorxu və vahimə yaratmaq məqsədi daşıyır. Bu cinayətlərin əsas icraçıları sərhədlərdən kənarda fəaliyyət göstərən Rigi qruplaşması, Ceyşül-əl-Ədl, PJAK və həmçinin münafiq terror təşkilatlarıdır.
Doktor Xoşçeşm ölkənin təhlükəsizlik və hərbi qüvvələrinin uzaqgörənliyinə və qabaqlayıcı addımlarına diqqət çəkərək əlavə edib: Hərbi qüvvələrimiz etirazlar başlamazdan xeyli əvvəl düşmənin daxili vəziyyətdən istifadə edərək terrorçu qrupları ölkəyə sızdırmaq planından xəbərdar idi.
Məhz buna görə ötən ilin avqust və sentyabr aylarında ölkənin şərq və qərb sərhədlərindən kənarda həyata keçirilən təsirli əməliyyatlar nəticəsində bu qrupların bir çoxu zərərsizləşdirildi və ya ciddi şəkildə zəiflədildi. Əgər bu tədbirlər görülməsəydi, bu gün daha geniş və təhlükəli miqyasda təhlükəsizlik problemləri ilə üzləşə bilərdik.
O, düşmənin məkirli palanına toxunaraq izah edib ki, plan etirazları iğtişaşa, daha sonra isə xüsusilə ölkənin beş sərhəd vilayətində genişmiqyaslı üsyana çevirmək və bununla da Azər (dekabr) ayından sonra separatçı qüvvələr üçün zəmin yaratmaq idi. Lakin təhlükəsizlik qüvvələrinin 18–21 Dey (8-11 yanvar) tarixləri arasında həyata keçirdiyi sürətli və qəti tədbirlər bu ssenarinin qarşısını aldı, üsyanın genişlənməsinə və terrorçu elementlərin nüfuzuna imkan vermədi.

Düşmənin İran cəmiyyətinə qarşı psixoloji müharibəsi
Doktor Xoşçeşm düşmənin İran cəmiyyətinin sakitliyi və qərarvermə qabiliyyətinə qarşı apardığı genişmiqyaslı psixoloji müharibəni təhlil edərək, müqavimətin əsas sirrini qəlb aramlığı və mülayimlikdə gördüyünü bildirib. O, son əməliyyatlardan sonra sionist rejim və ABŞ rəsmilərinin reallığa zidd olan iddialarına toxunaraq deyib: Əgər onlar doğrudan da müharibədə qalib gəliblərsə, nə üçün bu qədər təşvişli və narahatdırlar? Niyə növbəti qarşıdurma halında diplomatik mesajlar göndərməyə və bitərəf qalacaqlarını bəyan etməyə çalışırlar? Bu davranışlar İranın qəti cavabından duyulan qorxu və psixoloji məğlubiyyətin açıq göstəricisidir.
Beynəlxalq məsələlər üzrə ekspert daha sonra müzakirənin mərkəzini düşmənin idrak və psixoloji müharibəsinə yönəldərək izah edib: Düşmən son bir il ərzində “İnternational” kimi media şəbəkələrinin rəhbərliyi ilə və “bu gün vuracağıq, sabah vuracağıq” tipli təkrarlanan və yalan iddialardan istifadə edərək, İran cəmiyyətini davamlı və şiddətli stress vəziyyətində saxlayıb. Bu prosesin əsas məqsədi psixoloji qeyri-sabitlik yaratmaq və xalqın məntiqli qərarvermə gücünü zəiflətməkdir.
Doktor Xoşçeşm elmi izahla əlavə edib: Bu, insan beyninə qarşı aparılan fiziki bir müharibədir. Beyində öyrənmə, yaddaş və stressə nəzarətin əsas mərkəzi hipokamp adlanır. Şiddətli və xroniki stress hipokampın fiziki olaraq kiçilməsinə səbəb olur. Hipokamp zəiflədikdə isə insan qərarvermə pozuntusu, kəskin emosional dəyişikliklər (bu gün bir mövqe, sabah başqa mövqe) və ani, əsasız qərarlarla üzləşir. Düşmən də məhz yalan xəbərlərin bombardmanı və daimi qorxu mühiti yaratmaqla bu vəziyyəti İran cəmiyyətində yaratmağa çalışır.
O, bunun müqabilində İslam dininin təqdim etdiyi yolu müasir elmə uyğun bir həll yolu kimi dəyərləndirərək bildirib: İslam dini əsrlər əvvəl bu həqiqəti dərk edib və aramlığa, qəzəb və nifrətin nəzarət altına alınmasına, Allahı zikr etməyə tövsiyə verib. İnsan Allahı yad etdikdə qəlbi aramlıq tapır (أَلا بِذِکْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ), stress azalır, hipokamp zərər görmür və insan məntiqli, sabit və ağıllı qərarlar verə bilir. Bu, sadəcə əxlaqi bir tövsiyə deyil, sinir və psixoloji sağlamlıqla bağlı elmi bir göstərişdir.
Beynəlxalq məsələlər üzrə ekspert düşmənin davamlı təhdidləri qarşısında İslam İnqilabının Ali Məqamlı Rəhbərinin sakitliyini psixoloji toxunulmazlığın real nümunəsi adlandıraraq deyib: Rəhbər ən yüksək təhdid şəraitində belə tam aramlıqla ölkə işlərinin gedişatını izləyir, hətta gənclərin evliliyi kimi mövzulara diqqət yetirir. Bu psixoloji üstünlük qəlbi aramlıq və iman nəticəsində formalaşır və beynin fiziki funksiyalarına, eləcə də qərarvermə gücünə birbaşa təsir göstərir.
Doktor Xoşçeşm vurğulayıb: Cəmiyyətimiz ağır bir psixoloji hücum altındadır və bu hücumun məqsədi kollektiv düşüncə və qərarvermə gücünü iflic etməkdir. Bunun yeganə çıxış yolu sakitlik, birlik, süni həyəcanlardan uzaq durmaq və Allaha təvəkküldür. Biz xəbərləri diqqətlə və etibarlı mənbələrdən almalıyıq və düşmənin psixoloji müharibəsinin İran xalqının hipokampını hədəfə almasına imkan verməməliyik. Müqavimət yalnız hərbi meydanda deyil, bir millətin psixoloji sağlamlığını və qəlbi aramlığını qorumaqda da özünü göstərir.
ABŞ iqtisadiyyatı Trampı müharibədən çəkindirən əsas amildir / qorxu və sövdələşməyə əsaslanan şarlatan strategiya
Universitet professoru və beynəlxalq məsələlər üzrə tanınmış ekspert, ABŞ-ın İrana qarşı hərbi hücuma başlamamasının səbəbləri ilə bağlı təhlilini davam etdirərək, ABŞ-ın daxili iqtisadi vəziyyətini və Donald Trampın əməliyyat xarakterini araşdırıb. O, düşmənin psixoloji müharibəsi mövzusuna qayıdaraq vurğulayıb: Cəmiyyətdə psixoloji qeyri-sabitlik yaratmaqda əsas məqsəd bütün idarəetmə sistemini təzyiq altına almaqdır. Xalq stresə düşüb emosional qərarlar verdikdə, hökumət də bu təzyiq altında qeyri-sabit və məntiqsiz siyasətlər yürütməyə sürüklənə bilər və nəticədə “müqavimət iqtisadiyyatı” kimi uzunmüddətli strateji proqramlar bu dalğalanmaların qurbanına çevrilər.
Beynəlxalq məsələlər üzrə ekspert daha sonra Trampı genişmiqyaslı müharibəyə başlamaqdan çəkindirən real səbəblərə toxunaraq, birinci əsas amil kimi ABŞ-ın bərbad iqtisadi vəziyyətini göstərib və deyib: ABŞ iqtisadiyyatı açıq şəkildə tənəzzül yolundadır. Trampın tarif (iqtisadiyyatda rusumların artımı) müharibəsində atdığı qumar xarakterli addımlar iqtisadi canlanma yaratmaq əvəzinə inflyasiyanı və işsizliyi artırıb. Qərb iqtisadi sistemində hətta 4–5 faiz inflyasiya belə ciddi böhran sayılır. Son rəy sorğuları göstərir ki, ABŞ əhalisinin təxminən 72 faizi İrana qarşı müharibəyə qarşıdır. Çünki insanların əsas məsələsi daxili problemlər və yaşayış səviyyəsidir. Hətta Trampın ənənəvi tərəfdar bazası belə bu cür bir müharibəni dəstəkləmir.
Doktor Xoşçeşm ikinci səbəb kimi siyasi zamanlamanı və qarşıdan gələn seçkiləri göstərərək bildirib: Tramp Konqres seçkiləri ərəfəsindədir. Bahalı və riskli bir müharibəyə başlamaq Konqresdə mühüm yerlərin itirilməsinə və onun siyasi gələcəyinin ciddi şəkildə təhlükə altına düşməsinə səbəb ola bilər. O, real qarşıdurma deyil, az xərcli güc nümayişi axtarır.
O, Trampın şəxsiyyəti və tanınmış fəaliyyət üsulunu təhlil edərək deyib: Tramp sözün əsl mənasında bir şarlatandır. Onun strategiyası sırf hərbi gücə deyil, qorxu yaratmağa və sonra sövdələşməyə əsaslanır. Bu metodu o, hələ qırx il əvvəl “Sövdələşmə bacarığı” adlı kitabında izah edib: Əvvəl qarşı tərəfi şişirdilmiş təhdidlərlə qorxut, sonra ona güzəşt et və sonda sövdələşməni öz qələbən kimi təqdim et. Trampın daim təhdidlər səsləndirib ardınca geri çəkilməsi məhz bu modelin təkrarıdır. O, real müharibə istəmir. Məqsədi güc nümayişi ilə İranı danışıqlar masasına təzyiq altında çəkməkdir.
Beynəlxalq məsələlər üzrə ekspert əlavə edib: Tramp ciddi bir ziddiyyətin içindədir. Bir tərəfdən daxili mövqelərini möhkəmləndirmək və gələcək seçkilər üçün güc nümayişinə ehtiyac duyur, digər tərəfdən isə iqtisadi vəziyyət və geniş daxili müxalifət səbəbindən real müharibəyə başlamaq imkanına malik deyil. Bu səbəbdən onun əlində qalan yeganə yol psixoloji müharibəni və media təhdidlərini davam etdirməkdir. İran xalqı bu reallığı düzgün dərk edib sakitlik, birlik və uzaqgörənliyi qoruduğu təqdirdə, təhdidlərin bu mərhələsini də arxada qoya və düşmənin daxili vəziyyəti qarışdırmaq və dövləti təzyiq altına almaq planını zərərsizləşdirə bilər. Qələbənin açarı isə düşmənin saxta həyəcanlarından uzaq, məntiqə və uzunmüddətli planlaşdırmaya əsaslanan qərarvermədir.

Trampın Zelenski ilə təhqiramiz davranışı: Təzyiq və təslimə əsaslanan ticarət strategiyasının nümunəsi
Universitet professoru və beynəlxalq məsələlər üzrə aparıcı ekspert Dr. Mustafa Xoşçeşm çıxışının başqa bir hissəsində Donald Trampın digər ölkə liderlərinə münasibətdə praktik üsul və davranışını izah etdi və Ukrayna Prezidenti Volodimir Zelenski ilə davranışını misal gətirərək, Trampın “ticarət bacarığının” əsl mahiyyətini göstərdi. O, bildirib ki, Tramp təzyiq üçün heç bir təhqiramiz əməl etməkdən çəkinmir. Trampın üsulu budur: Tərəfdaşını əvvəlcə çətin vəziyyətə sal, sonra güc və təhqirlə onu öz şərtlərini qəbul etməyə məcbur et. Bu metodun bariz nümunəsi Zelenski ilə Trampın Ağ Evdə baş tutan görüşü idi. Bu isə dünya xəbərləri arasında ən çox izlənilən hadisələrdən birinə çevrilmişdir.
Dr. Mustafa Xoşçeşm görüşün detalları barədə danışıb: Zelenski ABŞ-dan əlavə maliyyə və hərbi yardım almaq üçün Ağ Evə gəldiyi zaman, açıq təhqirə məruz qaldı. Tramp ona açıq dedi ki, əlavə heç bir şey verməyəcək və eyni zamanda qeyri-məntiqi tələblər irəli sürdü. Məsələn, Putindən zəmanət tələb etmək və işğal olunmuş ərazilərin geri alınmasından imtina etməsini istədi. Zelenski, ölkəsi müharibə içində və minlərlə itki vermiş olduğu halda etiraz edərək qarşılıq verdikdə, Tramp əsəbiləşdi və onu görüşdən çıxardı.
Dr. Mustafa Xoşçeşm əlavə edib ki, bu təhqir bununla bitmədi. Tramp Zelenskiyə nahar verməyə belə icazə vermədi və onu istirahət otağının qapısının arxasında qoydu. Sonradan Zelenski üzr istəmək üçün kameraların qarşısına çıxmalı oldu. Bu səhnələr açıq şəkildə göstərir ki, Tramp digər ölkələrin, hətta görünüşdə müttəfiq olan liderlərin də heç bir dəyər və hörmətini tanımır və onları aşağılamağa hazırdır.
Beynəlxalq məsələlər üzrə ekspert bu davranışın Trampın kitabında da göstərilən ticarət strategiyasının real nümunəsi olduğunu vurğulayaraq bildirib: “Tərəfdaşını qorxut, təhqir et və zəif vəziyyətə sal ki, istədiyini imzalasın.” Son məqsəd, minimal xərclə və tərəfdaşın ləyaqətini tamamilə aradan qaldırmaqla öz tələblərini qəbul etdirməkdir. Bu üsul Zelenski kimi ABŞ-dan asılı ölkələrdə işləyə bilər, lakin öz şərəf və müstəqilliyinə sadiq olan bir xalq qarşısında uğursuzluğa məhkumdur.
Dr. Mustafa Xoşçeşm bu hadisənin İran diplomatiyası üçün bir dərs olduğunu vurğulayıb: Düşmən öz müttəfiqlərinə belə təhqiramiz davranırsa, müstəqil İran xalqına qarşı daha düşməncəsinə yanaşacaq. Amma tarix göstərib ki, İran xalqı şərəf, birlik və güclü məntiq üzərində dayanaraq belə üsullara boyun əyməyib və düşmənin hiylələrini ağıllı şəkildə neytrallaşdırıb. Bu cür davranışlara qarşı mübarizə milli ləyaqəti qorumaq, düşünülmüş qərar vermək və təhriklərə emosional reaksiya verməməkdir.
ABŞ-ın regiondakı strateji zəif nöqtələri və İran cəmiyyətində qorxu mühitinin aradan qaldırılmasının zərurəti
Universitet professoru və beynəlxalq məsələlər üzrə ekspert Xoşçeşm çıxışının başqa bir hissəsində Fars körfəzində ABŞ-ın həssas nöqtələrinə işarə edərək, düşmənin psixoloji təhdidlərinə qarşı İran cəmiyyətinin məlumatlandırılması və qorxusuzluğunun təmin edilməsinin vacibliyini vurğuladı. O, ABŞ-ın regional dəstək şəbəkəsində, xüsusilə Dubayda, Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi rolunu qeyd edərək vurğulayıb: Dubay yalnız bir ticarət mərkəzi deyil, ABŞ-ın regiondakı loqistik, informasiya, maliyyə və hətta hərbi dəstək mərkəzinin ürəyidir. Hava və dəniz trafiki mərkəzi, əsas kəşfiyyat və məlumat emal mərkəzi, qlobal əməliyyatları dəstəkləyən bank şəbəkəsi və ölkənin ən böyük çirkli pulların leqallaşdırılması mərkəzi burada yerləşir. Hətta Trampın ailə və tərəfdaşlarının əmlak və tikinti layihələri də bu şəhərdə mərkəzləşib.
Doktor Mustafa Xoşçeşm əlavə edib: Bu geniş mərkəzləşmə ABŞ üçün böyük bir həssas nöqtədir. Münaqişə baş verərsə, ABŞ-ın bahalı gəmi və flota hədəf alınmasına ehtiyac yoxdur. Dubaydakı bu xüsusi əhəmiyyət kəsb edən infrastrukturun nisbətən sadə və ucuz silahlarla, məsələn, İran sahillərindən Dubaya çatan Katyuşa raketləri ilə hədəflənməsi düşmənin əməliyyat gücünə ciddi zərbə vura bilər.
O, bunun yalnız nəzəri analiz olmadığını vurğulayaraq qeyd edib: Mən əvvəlcə Milli Televiziya vasitəsilə Dubaydakı müəyyən yerləri, düşmən hərbi əməliyyat başlatsa hədəf ola biləcək obyektlər kimi açıq şəkildə göstərmişdim. Bu, qarşı tərəfə aydın bir mesaj idi ki, odla oynaması onların əsas strateji aktivlər və iqtisadi təhlükəsizliyini riskə ata bilər.
Ekspert Xoşçeşm münaqişənin daha geniş aspektlərinə toxunaraq bildirib: Əgər qarşıdurma başlasa, bu yalnız raket mübadiləsi ilə məhdudlaşmayacaq. Fars körfəzi, dünyanın üçdə bir enerjisini təmin edən bir bölgə olaraq, partlayıcılarla dolu anbar kimidir. Qüds donanması tərəfindən Hörmüz boğazının bağlanması ( bunu bir neçə ağıllı üsulla həyata keçirmək mümkündür ) neftin qiymətini 150 dollara və daha yuxarı qaldıra bilər və neftə bağlı iqtisadiyyatları, xüsusilə Qərbi, çətin və dözümsüz bir hala gətirə bilər.
Doktor Mustafa Xoşçeşm ABŞ-ın iqtisadi həssaslığını izah edərək 2008-ci il maliyyə böhranını nümunə gətirdi: “2008-ci ildə böyük bir ABŞ bankı iflas edəndə bütün dünya iqtisadiyyatı silkələndi. Bu gün də qlobal iqtisadiyyat elə bir şəkildə bir-birinə bağlıdır ki, böyük bir enerji şoku Qərb iqtisadi sistemini içəridən çökdürə bilər. Halbuki, illər boyu təzyiq və çətin şəraitə dözüb adaptasiya edən İran iqtisadiyyatı daha dayanıqlı və güclüdür.

İran cəmiyyətində ən önəmli ehtiyac: Qorxuya son qoymaqdır
Ekspert Xoşçeşm vurğulayıb: İran cəmiyyətində indiki ən böyük ehtiyac qorxuya son qoymaqdır. İran xalqı bilməlidir ki, düşmən, boş bəyanatlarına baxmayaraq, böyük strateji zəif nöqtələrə malikdir və tammiqyaslı münaqişəyə girməkdən öz fəlakətli nəticələri səbəbindən çəkinir. Tramp və müttəfiqlərinin təkrarlanan hədələri, güc göstərisindən çox, çaşqınlıq və cəmiyyətə qorxu ötürmək cəhdidir. Biz öz gücümüzü və düşmənin zəifliklərini bilməklə, vəhdət və diqqətlə bu psixoloji müharibəni neytrallaşdırmalı və gələcəyə əminliklə baxmalıyıq. Həqiqi güc, düşmənin reklam etdiyi səs-küyündə deyil, milli özünəinam, sakitlik və düşüncə dolu qərarlarda gizlidir.
Vaşinqtonun yenidən danışıqlar masasına qayıtmasının səbəbi
Universitet professoru və tanınmış beynəlxalq kkspert, ABŞ-ın danışıqlar masasına geri qayıtmasının səbəblərini və İranın qətiyyətli hərəkətlərinin bu prosesdə rolunu izah edib. İranın Eyn əl-Əsəd bazasına qarşı uğurlu raket əməliyyatına diqqət çəkərək deyib: Bu əməliyyatla dünyaya iki vacib mesaj verdik: Birincisi, qətiyyətli cavab və müdafiə iradəmizi olduğunu, ikincisi isə, bu iradəni həyata keçirmək üçün texniki vasitələrimiz və imkanlarımızın olduğunu. Bu qətiyyətli addımı heç bir dünya gücünün etməyə cəsarət edə bilmədiyi bir vaxtda həyatake keçirdi. Bu fakt xalqımızı ölkənin güclü müdafiə bazasına malik olduğuna əmin etməlidir.
Ekspert əlavə edərəkbildirib: İndi birbaşa hərbi təhdidin ən gərgin mərhələsi geridə qalmışdır. Əgər daxili qarışıqlıq baş verməsəydi, mümkün böhran az qala Azər (dekabr) ayına qədər başa çatacaqdı. Düşmən yalnız daxili narahatlıq və qeyri-sabitlikdən sui-istifadə edir. Amma maksimum bir-iki ay içində, bayrama qədər ABŞ donanmasının bölgədən tədricən çıxarılmasına şahid olacağıq.
Doktor Xoşçeşm ABŞ-ın hədələr və psixoloji müharibədən sonra niyə yenidən danışıqlara qayıtdığını soruşaraq cavab verib: Səbəb aydındır. Çünki təhdid və müharibə strategiyası onun üçün uğurlu olmayıb. Əgər qalib olsaydı, indi danışıqlar masasına oturmazdı. Onun qayıtması, üz-üzə mübarizədə uğursuzluğunun etirafıdır.
Gözlənilən iki mümkün ssenari
Ekspert daha sonra qarşıdakı iki ehtimalı izah edərək bildirib: Ya razılaşma əldə olunacaq ki, bunun ehtimalı çox zəifdir, ya da razılaşma olmayacaq və ABŞ qarışıq müharibəyə baş tutacaq, yəni yazda da gördüyümüz qətl, sabotaj, kiberhücum və siyasi təzyiq nümunəsi. Məqsəd, İran cəmiyyətinə sabitlik və sakitliyin geri qayıtmasına imkan verməməkdir.
Ekspert regiondakı güc balansının dəyişməsinə işarə edərək deyib: İranın mövqeyi indi hücum və təhlükəsiz (hücum və müdafiə qarışığı) xarakterlidir. ABŞ F-35 təlimi keçirmək istədiyini açıqladıqda, İran İslam İnqilabı Keşikçiləri Donanması (SEPAH) dərhal və gecikmədən bu addımı təhdid olaraq qiymətləndirdi və nəticələrini xəbərdar etdi. Nəticədə ABŞ donanması İran sahillərindən 1400 km uzağa geri çəkilməyə məcbur oldu. Bu, göstərir ki, indi təşəbbüs bizim tərəfimizdədir. Bu, real güc nümunəsidir ki, Trampı milli televiziya vasitəsilə İranla danışıqlardan danışmağa vadar etdi.
Doktor Mustafa Xoşçeşm, qarşıdakı danışıqların şərtləri ilə bağlı vurğulayıb: ABŞ-ın bu gün təqdim etdiyi danışıqlar təklifi əvvəl ortaya qoyulsaydı, çox sayda gərginliyin qarşısını ala bilərdi. Amma indi vəziyyət fərqlidir. İran dolayı danışıqlara üstünlük verir və Oman kimi etibarlı müşahidəçinin iştirakı ilə ABŞ-ın yenidən müqavilə pozmasının qarşısını almaq istəyir. Oman seçiminin səbəbi, bu ölkənin həm ABŞ, həm İran tərəfi olmaması, lakin danışıqlara etibarlı ev sahibliyi etməsidir. Biz güc mövqeyindən və tərəf müqabilin xərclərini diqqətlə qiymətləndirərək hər danışığa daxil olacağıq.
İranın dolayı yolla baş tutan diplomatik danışıqlardakı sərt mövqeyi və hibrid müharibə ilə xəbərdarlığı
Ekspert, dolayı yolla baş tutan danışıqların detalları və gələcək ehtimalları haqqında danışaraq, İran İslam Respublikasının əvvəlkindən daha sərt mövqedə olduğunu və ABŞ təzyiqlərinə qarşı möhkəm dayanmağın vacibliyini vurğulayaraq bildirib: İran İslam Respublikasının bu yolda hazırkı mövqeyi əvvəlkindən daha sərtdir. Əvvəlki turda müzakirə 3.67%-lik zənginləşmənin azaldılması üzərində idi, indi isə İran aydın şəkildə bildirir ki, zənginləşmə səviyyəsi tələblərə uyğun təyin olunacaq, bəlkə 20%-ə qədər də çatacaq. Həmçinin, zənginləşdirilmiş material ölkədən çıxarılmayacaq. Bu şərtlər on ay öncə ilə müqayisədə daha qətiyyətli və dəyişilməz mövqelərdir.

ABŞ-ın danışıqlar masasına qayıtmasının səbəbləri və Trampın siyasi oyunu
Doktor Xoşçeşm ABŞ-ın danışıqlara qayıtmasını bu ölkənin zəifliyi və ehtiyac içində olması kimi dəyərləndirərək bildirib: Amerika tərəfinin bu qədər sərt mövqelərlə üzləşdikdən sonra bunu “yaxşı təklif” adlandırması göstərir ki, Tramp strateji çıxılmaz vəziyyətə olduğunu və zahiri bir uğur qazanmaq üçün bəhanə axtardığını göstərir. Onun Obama administrasiyası ilə rəqabəti və “daha yaxşı BRİKS/JCPOA” vədi də üzərində əlavə təzyiq yaradır. Hətta mümkündür ki, sonda BRİKS-ə bənzər bir razılaşmanı belə qəbul etsin. Bəlkə də İsrailin təhlükəsizliyi ilə bağlı əlavə zəmanət aldığını iddia edə bilər. Amma reallıq budur ki, onun sözlərinin əsas məğzi belədir: “İstədiyinizi sonradan edin, amma mənim səlahiyyətli olduğum dövrdə fəaliyyəti dayandırın.” Bu isə İslam Respublikası üçün qəbul edilən deyil.
O, razılaşma ehtimalının çox zəif olduğunu bildirərək əlavə edib: Görünür, hazırkı mərhələdə tərəflərdən heç biri geri çəkilmir. Buna görə də danışıqların uğursuzluğundan sonra daha real ssenari, ABŞ tərəfindən hərtərəfli kombinə edilmiş müharibənin başlanmasıdır. Bu müharibə nüfuzlu şəxslərin terroru (mütləq rəsmi şəxslər deyil, alimlər, komandirlər və ya daxili gərginlik yaratmaq üçün tanınmış siyasi fiqurlar), sabotaj, kiberhücumlar və ağır siyasi təzyiqləri əhatə edə bilər. Məqsəd sistem daxilində parçalanma yaratmaq və İranın daxili mühitini yenidən xaosa sürükləməkdir.
Doktor Mustafa Xoşçeşm genişmiqyaslı qarşıdurmanın nəticələri barədə xəbərdarlıq edərək deyib: ABŞ bu qədər hərbi texnikanı regiona İranı qorxutmaq və danışıqlarda geri addım atmağa məcbur etmək üçün gətirib. Lakin əgər real müharibə başlasa, bu dəfə nəzarəti son dərəcə çətin olan genişmiqyaslı bir müharibə olacaq və bu müharibənin coğrafi sərhədləri çox genişlənəcək. Belə bir müharibədə təkcə Amerika gəmiləri deyil, regiondakı bazaları, Hörmüz boğazı və hətta Dubay kimi mühüm iqtisadi mərkəzlər də hədəfə çevriləcək. Bu isə dünya enerji iqtisadiyyatı üçün “qiyamət düyməsinin” sıxılması deməkdir və nəticələri ABŞ və müttəfiqləri üçün fəlakətli olacaq.
O, son hadisələrdən çıxarılan əsas dərsin qətiyyətli və möhkəm mövqe nümayiş etdirməyin zəruri olduğunu vurğulayaraq bildirib: Təcrübə göstərir ki, Trampla zarafat etmək olmaz. Əgər onun qarşısında bir addım geri çəkilsən, o, Zelenski məsələsində gördüyümüz kimi on addım irəli gələcək. Yeganə yol möhkəm dayanmaq və qarşı tərəf üçün xərc və zərərlərin artacağını açıq şəkildə göstərməkdir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri də bu prinsip üzərində haqlı olaraq israr edib. Unutmaq olmaz ki, ABŞ-ın verdiyi vədləri pozma keçmişi və düşmənçilik mövqeyi nəzərə alındıqda danışıqlar yalnız güc mövqeyindən, tam aydın və təminatlı şərtlər əsasında aparılmadıqca nə ağıllı, nə də məntiqli hesab edilmir. Gələcək, birlik, uzaqgörənlik və qüdrətlə öz izzətini qoruyan xalqa məxsusdur.
Rəyiniz